Saç Tökülməsi. Alopeçiya

Normada gün ərzində insan saçı 100-ə yaxın tük itirir. Daha çox itirərsə bu saçların seyrəlməsinə gətirib çıxarır.Saçların tökülməsi (alopecia) 2 tipdə olur:
- Düşən saç follikullarının yerində çapıq əmələ gəlməklə - bu cür tökülmə bərpa olunmur.
- Çapıq əmələ gəlməməklə. Bu tipdə saç tökülməsinin qarşısını almaq mümkündür.
Bundan başqa saç tökülməsi ocaqlı (yalnız məhdud bir sahədə - alopecia areata) və diffuz (bütün baş dərisini əhatə edən) olur.
Diffuz alopesiyanın səbəbləri:
- Hormonal disbalans – klimaks,yumurtalıqların polikistozu, kontraseptiv istifadəsi və s.
- Genetik androgen çoxluğu nəticəsind - daha çox kişilərdə müşahidə olunur, saçlar təpə hissədən seyrəlir, tüklər çox nazilir, ənsə və gicgah nahiyələrdə isə olduğu kimi qalır.
- Stress, əsəb gərginliyi.
- Qida amili – dəmir, kalsium, zülal, bir sıra vitaminlərin çatışmazlığı.
- Mexaniki və ya toksik təsirlər nəticəsində.
- Dərman preparatlarının təsiri nəticəsində (ximioterapiya).
- Hamilə qadınlarda rast gəlinən saç tökülməsi hamiləlik zamanı orqanizmin yenidən qurulması, hormonların dəyişməsi, bir sıra maddələrə tələbatın artması və onların orqanizmdə çatışmazlığının yaranması nəticəsində baş verir
- Ocaqlı alopesiya (alopecia areata) yalnız məhdud bir nahiyədə saçların tamamilə tökülməsi ilə müşayiət olunur (nadir hallarda bütün baş dərisində, bəzən hətta bütün bədəndə saçlar tökülə bilər). Bu xəstəliyin səbəbi elmə tam məlum deyil.
Müalicə: Saç tökülməsinin çoxsaylı müalicə metodları mövcuddur. Müalicə kompleks şəkildə, xəstəliyin əmələgəlmə səbəbi nəzərə alınmaqla aparılır.
Müalicə metodlarına aiddir:
- Dərman müalicəsi- hormonoterapiya, vitaminoterapiya, sedativ preapatlar və s.
- Fizioterapiya – saç dibinin masaj olunması, darsonval, ozonoterapiya və s.
- Saç üçün tonik, şampun və maskalar.
- Xalq təbabəti – gənəgərçək, badam, qoz yağı, bal və yumurta sarısı və s. maskalar
- Cərrahi üsul - saç əkilməsi
Vitaminoterapiyada adətən tərkibində vitaminlər, mikroelementlər, aminturşular və s. olan preparatlardan, sedativ müalicədə yüngül bitki tərkibli sakitləşdirici preaparatlardan istifadə olunur.
Fizioterapiya, xalq təbabəti, tonik və maskalarla yerli müalicə üsulları tük follikullarının qan dövranının və qidalanmasının yaxşılaşmasına xidmət edir. Mülicədə eyni zamanda həm ümumi (vitaminoterapiya, hormonal və sinir sisteminin bərpası), həm də yerli (fizioterapiya, tonik və maskalar) metodların istifadəsi kompleks şəkildə aparılır. Tük follikulları tam atrofiya olunubsa
(çapıqlaşıbsa), və ya bütün konservativ müalicə metodları öz effektini vermirsə xəstəyə cərrahi müalicə - saç əkilməsi təklif olunur.
